Aqrar Sığorta Fondu (ASF) Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, rayonun Rəncbər kəndində yerləşən, fermer Rasim Allahverdiyevə məxsus arpa sahəsində sel-subasma hadisəsi baş verib. Müstəqil aqrar sığorta ekspertinin rəyinə əsasən, fermerin güzəştli şərtlərlə sığortaladığı 5,11 hektar əkin sahəsinə hadisə nəticəsində 82 % zərər qeydə alınıb.
Zərərin dərəcəsi və azadolma məbləği nəzərə alınaraq fermerə 2 931 manat ödəniş edilib. Dövlət dəstəyi nəzərə alınmaqla, əkin sahəsinin hər hektarının sığortalanması fermerə 9,7 manata, ümumilikdə bütün əkin sahəsinin sığortası isə 49,6 manata başa gəlib.
Ümumilikdə Fond Hacıqabuldakı fermer və təsərrüfatlara 725 190 manat sığorta ödənişi edib və bu məbləğ hər ay artır.
ASF bitkiçilik, heyvandarlıq və balıqçılıq (akvakultura) təsərrüfatlarını sığortalayır. Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 %-ni dövlət ödəyir.
ASF fermerləri və təsərrüfat sahiblərini öz heyvanlarını, eləcə də payızlıq əkinlər dövründə əkin sahələrini, tarla bitkilərini və meyvə bağlarını, həmçinin heyvandarlıq təsərrüfatlarını dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırıb.