İsveçrə Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın aktivlərindən daha 252,5 milyon dolları Daşkəndə qaytaracaq.
Bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.
“Vəsaitlər “İşonç – 2030” trast fondu vasitəsilə Özbəkistan vətəndaşlarının rifahının yüksəldilməsinə və insan kapitalının inkişafına yönəldiləcək”, - məlumatda deyilib.
Qeyd edək ki, Özbəkistan və İsveçrə 2022-ci ilin avqustunda Kərimova ilə bağlı cinayət işi çərçivəsində müsadirə edilmiş təxminən 131 milyon dolların qaytarılmasına dair ilk sazişi imzalayıb. 2025-ci ilin fevralında isə tərəflər təxminən 182 milyon dolların qaytarılması barədə daha bir razılaşma əldə ediblər. Həmin vaxtadək qaytarılan vəsaitlərin ümumi məbləği 313 milyon dollar təşkil edib.
Kərimova ilə əlaqəli müxtəlif ölkələrdə, o cümlədən Fransa, ABŞ və Latviyada yerləşən aktivlərin ümumi dəyəri təxminən 1,4 milyard dollar qiymətləndirilirdi.