Azərbaycan 2026-cı ilin ilk üç rübündə Gürcüstanın siqaret idxalında payını 24,2%-dən 39,3%-ə yüksəldib. Beləliklə, Azərbaycanın payı illik müqayisədə 15,1 faiz bəndi artıb və ölkə Gürcüstanın ən böyük siqaret təchizatçısına çevrilib.
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına əsasən, bu ölkə ilin ilk doqquz ayında xaricdən 101,7 milyon ABŞ dolları dəyərində siqaret idxal edib. Bunun 40 milyon dolları Azərbaycanın payına düşüb.
Ötən ilin eyni dövründə Gürcüstanın ümumi siqaret idxalı 115,6 milyon dollar, Azərbaycandan idxalı isə 28 milyon dollar olmuşdu.
Gürcüstanın siqaret idxalı ümumilikdə 12% azaldığı halda, Azərbaycandan alınan siqaretlərin dəyəri təxminən 43% artıb.
2025-ci ilin ilk doqquz ayında Gürcüstanın ən böyük siqaret təchizatçısı 32,2 milyon dollarla Litva idi. Azərbaycan 28 milyon dollarla ikinci yerdə qərarlaşırdı.
2026-cı ildə isə Azərbaycan 40 milyon dollarla birinci, Litva 35,2 milyon dollarla ikinci yerə yüksəlib. Üçüncü yerdə 7,07 milyon dollarla Serbiya qərarlaşıb. Türkiyə 4,6 milyon dollar, Ermənistan isə 4,5 milyon dollarlıq siqaret tədarük edib.
Gürcüstanın idxal etdiyi siqaretlərin fiziki həcmi 6 260 tondan 4 994 tona düşüb. Azərbaycandan idxal isə 2 262 ton təşkil edib. Beləliklə, Azərbaycan Gürcüstanın siqaret idxalının fiziki həcmində 45,3% paya sahib olub.
Azərbaycanın Dövlət Sttistika Komitəsinin statistikasına əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında Gürcüstana 39,64 milyon dollarlıq və ya 2,27 milyard ədəd siqaret göndərilib.
Hər qutuda 20 ədəd siqaret hesablandıqda bu, təxminən 113,5 milyon qutu deməkdir.
Ümumilikdə, Azərbaycan hesabat dövründə 42,5 milyon dollarlıq siqaret ixrac edib. Bunun 93,3%-i Gürcüstanın payına düşüb. Digər alıcı ölkələr arasında Qırğızıstan, Özbəkistan, Oman və Suriya da yer alıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 14,2 milyard ədəd siqaret istehsal edilib. Ötən ilin müvafiq dövründə bu göstərici 12,3 milyard ədəd idi. İstehsal 15,4% artıb.
Eyni dövrdə tütün məmulatları sənayesində istehsalın dəyəri 756,95 milyon manatdan 942,57 milyon manata yüksəlib. Real istehsal artımı isə 16% təşkil edib.