ABŞ Prezidenti Donald Tramp Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə hədiyyə edilən iki ənənəvi özbək pavilyonuna görə təşəkkür edib.
Ağ Ev rəhbəri hədiyyəni özündə saxlamaq əvəzinə, ictimaiyyətin istifadəsinə vermək qərarına gəlib. Bu səbəbdən pavilyonlar Vaşinqtondakı Qərbi Potomak parkında (West Potomac Park) quraşdırılıb.
Ötən həftə pavilyonların açılış mərasimi keçirilib. Tədbirdə Özbəkistanın ABŞ-dakı səfiri Furqat Sidikov və ABŞ-ın daxili işlər naziri Daq Berqam iştirak ediblər. Tramp isə prezident helikopteri Marine One ilə ərazinin üzərindən uçaraq yeni tikililəri seyr edib.
ABŞ prezidenti Truth Social platformasındakı paylaşımında pavilyonların möhtəşəm göründüyünü bildirib.
Trampın sözlərinə görə, özbək ustalar pavilyonları inşa etmək üçün ailələrini bir neçə ay müddətinə vətənlərində qoyaraq Vaşinqtona gəliblər. Tikililərin hazırlanmasında 200 illik dağ qoz ağaclarından əldə edilən taxtadan istifadə olunub. Ustalar çətin hava şəraitində çalışıblar.
“Onların həqiqətən böyük istedadı var”, – deyə Tramp qeyd edib.
Pavilyonlar Tidal Basin gölməçəsinin yaxınlığında yerləşdirilib. Ərazidən Tomas Cefferson memorialına və Corc Vaşinqton abidəsinə mənzərə açılır.
ABŞ prezidenti paylaşımını “Vaşinqtonu indiyədək olduğundan daha gözəl edirik!” sözləri ilə yekunlaşdırıb.
Qeyd edək ki, özbək memarlıq üslubunda hazırlanan pavilyonların taxta sütunları və dam örtükləri şərq ornamentləri ilə bəzədilib. Xüsusi işıqlandırma sistemi isə ustaların əl işlərini gecə saatlarında da görməyə imkan verir.