Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu keçirilir.
Son iki oyunda qələbə qazanan ''Qalatasaray'' doğma fanatları önündə ''Aston Villa'' ilə üz-üzə gəlib. İngiltərə təmsilçisi bu mövsüm artıq İstanbulun digər nəhəngi ''Fənərbaxça'' ilə qarşılaşmış və öz meydanında 6:0 hesablı tarixi qələbə qazanmışdı.
Birmingem klubu bu dəfə səfərdə oynamasına baxmayaraq yenə favorit sayılırdı. Amma Unay Emerinin kollektivi bu dəfə istədiyi nəticəni qazana bilmədi. Son vaxtlar xüsusilə ev oyunlarında İngiltərə təmsilçilərinə qarşı uğurlu nəticələr əldə edən Türkiyə çempionu fanatlarını yenə mühüm qələbə ilə sevindirdi. Özü də Viktor Osimhensiz!
Gərgin və bəzi anlarda çox sərt məcrada keçən oyunun taleyini bir qol həll etdi. İkinci hissədə meydana çıxan Dəniz Gül 77-ci dəqiqədə fərqlənəlməklə karyerasında ilk dəfə ÇL-də qol sevinci yaşadı. Beləliklə, xalını 9-a yüksəldən ''Cim-Bom'' ''24-lüy''ə düşmək yolunda mühüm addım atdı.
''Sarı-qırmızılar'' ÇL-də ardıcıl 3-cü qələbə ilə şəxsi rekordunu təkrarladı. Komandanın daha öncə belə seriyası 1999-00-də, 2012-də və 2025-də olmuşdu. Ardıcıl 4 qələbə heç vaxt olmayıb. Son oyunda ''Ştutqart''ı minimal hesabla yenən ''Qalatasaray''ın ÇL-də qol buraxmadan ardıcıl iki qələbə qazanması isə sonuncu dəfə 2001-in fevralında baş vermişdi.
Okan Burukun evdə ingilislərə qarşı statistikası diqqət çəkir. Bu mütəxəssisin çalışdırdığı klublar indiyə qədər evdə ingilislərə qarşı 6 oyunun heç birində uduzmayıblar və bunların 5-də qələbə qazanıblar!
Maraqlıdı ki, İngiltərə İtaliya ilə birlikdə ''Qalatasaray''ın ÇK/ÇL-də təmsilçilərini ən çox məğlub etdiyi iki ölkədən biridi.