ABŞ Prezidenti Donald Tramp özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə və özbək ustalarına ABŞ-nin müstəqilliyinin 250 illiyi şərəfinə Vaşinqtonda quraşdırılan "heyrətamiz" taxta çardaqların (eyvanların) hədiyyəsinə görə təşəkkür edib.
Amerika lideri bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
D.Tramp özbək sənətkarlarının əl işini yüksək qiymətləndirib:
"Ailələrini bir neçə ay Özbəkistanda qoyan özbək sənətkarları sərt hava şəraitində 200 illik dağ qozu ağaclarından bu çardaqları məharətlə düzəldiblər. Onlar əsl istedada malik idilər!".
ABŞ Prezidenti həmçinin bu pavilyonları ictimaiyyətin istifadəsinə bağışlayacağına söz verib. Məlumata görə, çardaqlar Vaşinqtonun mərkəzində — Qərbi Potomak parkında, Cefferson Memorialının yaxınlığında quraşdırılıb. Tramp gələcəkdə bu pavilyonların evlilik təklifləri üçün məşhur məkanlara çevriləcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, mart ayında Donald Tramp Şavkat Mirziyoyevə rəsmi məktub ünvanlayıb. Məktubda Amerika lideri Özbəkistan Prezidentinə Sülh Şurasında iştirakına görə minnətdarlığını ifadə edib və özbək xalqına xeyir-dua diləyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də bir müddət əvvəl Özbəkistanın rəsmi Moskvanın hərtərəfli dəstəyinə ümid edə biləcəyini bəyan etmişdi.