"Mediazona": Müharibədə azı 700 min rusiyalı həlak olub

2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin başlamasından 2026-cı il sentyabrın sonunadək azı 490 min rusiyalı hərbçi həlak olub. Jurnalistlər bu rəqəmləri Rusiya Federal Dövlət Statistika Xidmətindən (Rosstat) sızdırılmış məlumatlar əsasında açıqlayıblar. "Meduza" və "Mediazona"nın hesablamalarına görə, 2026-cı ilin payızınadək Rusiya tərəfinin ümumi itkiləri 720 min nəfərə və ya daha çoxuna çatıb. Bu siyahıya həyatını itirən, amma hələ də itkin düşmüş sayılan şəxslər də daxildir.

Arxivi jurnalistlərə "Belarus kiberpartizanları" və "Silent Crow" haker qrupları ötürüblər. Onlar noyabrın 1-də "Rosstat"ın sistemini sındırdıqlarını bəyan ediblər. Jurnalistlər 2021-ci ilin əvvəlindən 2026-cı il sentyabrın sonunadək olan dövrü əhatə edən 11 milyon 660 minə yaxın unikal ölüm aktı əldə ediblər. Bu məlumatlar ölkə üzrə bütün vəfat edən şəxsləri əhatə edir. Həlak olmuş hərbçilərlə bağlı sənədlər isə ayrıca müəyyənləşdirilib.

Jurnalistlər əldə olunan bazanı vərəsəlik işlərinin reyestri, məhkəmə qərarları, VVAQ sistemindən sızdırılmış digər məlumatlar və "Rosstat"ın açıq statistikası ilə tutuşduraraq yoxlayıblar. "Mediazona"nın BBC-nin rus xidməti və könüllülərlə birgə hazırladığı siyahıdakı həlak olan hərbçilərin 95.1 faizinə dair sənədlər də həmin arxivdə tapılıb.

"The Insider" nəşri anonimləşdirilmiş arxivdəki 370 mindən çox həlak olmuş şəxsin kimliyini müəyyənləşdirib. İndiyədək olan ən böyük itkilər 2025-ci ilin yazına təsadüf edib – həmin üç ay ərzində 61 mindən çox insan həlak olub.

"Vajnıye istorii" nəşrinin hesablamalarına əsasən, gündəlik orta ölüm sayı 2022-ci ildəki təxminən 60 nəfərdən 2023-cü ildə 150-yə, 2024-cü ildə isə azı 400 nəfərə yüksəlib. 2025-ci ildə gündəlik ölüm hallarının sayı orta hesabla 584-ə çatıb. Ukraynadakı müharibədə orta hesabla hər beş dəqiqədə bir rusiyalı hərbçi həlak olur.

Əhalinin sayına nisbətdə ən çox itki verən bölgələr Uzaq Şərq və Sibir regionlarıdır. Yəhudi Muxtar Vilayətində hər 100 min sakinə təxminən min, Zabaykalye diyarında 800-ə yaxın, Çukotkada 760, Tıvada isə 650 həlak olmuş şəxs düşür. "Vajnıye istorii"nin hesablamalarına görə, Moskvada bu göstərici hər 100 min sakinə 63 nəfər təşkil edib.

"Rosstat"dan sızdırılmış məlumatlar üzərində BBC-nin rus xidməti, "Novaya Gazeta Europe", "Proyekt", "Dosye" Mərkəzi və "Vot tak" nəşri də çalışıb.

Ukrayna da Rusiyanın hərbi müdaxiləsinə qarşı müdafiədə böyük itkilər verib.

Kiyev rəsmi rəqəmləri açıqlamır. Ancaq Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi Ukraynanın itkilərinin – həlak olanların və ağır yaralananların sayının təxminən 600 min nəfərə çatdığını hesablayıb.

Ukrayna əhalisinin daha az olduğunu nəzərə alanda bu rəqəm daha sarsıdıcı görünür.

Üstəlik, Ukrayna, Rusiyadan fərqli olaraq, cəbhə xəttinə canlı qüvvə cəlb etməkdə çətinlik çəkir. Hökumət hərbi xidmətə çağırış sistemində islahatlar aparıb, amma "busifikasiya" (mikroavtobusla adam yığmaq) kimi tanınan sərt səfərbərlik üsulları bir çox ukraynalını qəzəbləndirib.