Rusiya səfirliyi MI5-in Britaniyaya hücum planları ilə bağlı iddialarını təkzib etdi

Rusiyanın Ukraynaya hərbi avadanlıq tədarük edən Böyük Britaniyanın müdafiə şirkətlərinə hücum etmək niyyəti yoxdur.

Bu barədə Rusiyanın Londondakı səfirliyinin Britaniya əks-kəşfiyyat xidməti MI5-in iddialarına cavab olaraq yaydığı bəyanatda bildirilib.

"Rusiyanın Birləşmiş Krallığa hücum etmək üçün heç bir planı, səbəbi və ya niyyəti yoxdur. Lakin dünyanın müxtəlif yerlərindəki təxribatları ilə məşhur olan Kiyev rejimi sonradan günahı Rusiyaya yıxmaq və Qərb hökumətlərindən daha çox pul qoparmaq üçün təxribat aktları həyata keçirməyə davam edir. Bu cür cəhdlər gözardı edilməməlidir", - deyə məlumatda qeyd olunur.

Çərşənbə axşamı günü MI5 Böyük Britaniya Müdafiə Nazirliyi ilə birlikdə Ukraynaya hərbi texnika tədarük edən Britaniya müdafiə şirkətlərini Moskvanın iddia edilən təxribat hərəkətlərinə hazır olmağa çağıran bəyanat yayıb.