“Bağışla, Lekler”: “Barselona” Bakıda Formula 1 pilotunu unutmadı

İspaniyanın "Barselona" futbol klubu Bakıya səfəri ilə bağlı paylaşımında "Formula 1" pilotu Şarl Leklerə (Charles Leclerc) zarafatla eyham vurub.

Day.Az Trend-ə istinadən bildirir ki, klubun rəsmi "TikTok" hesabında yayımlanan videoda avtomobilin Bakı trasındakı döngədə hərəkəti əks olunub. Görüntülərdə kamera divara çırpılır və həmin anda səsləndirilən "I am stupid" ("Mən axmağam") ifadəsi Şarl Leklerin məşhur radiosöhbətini xatırladır.

Videonun altında isə "Bağışla, Lecler, amma bunu etməli idik" ("Sorry Leclerc, we have to do it") yazılıb.

Qeyd edək ki, bu ifadə Şarl Leklerin 2019-cu ildə Bakıda keçirilən Azərbaycan Qran-prisinin sıralanma turunda qəzaya uğramasından sonra komanda radiosu vasitəsilə dediyi sözlərdir. Pilot 8-ci döngədə idarəetməni itirərək bolidini baryerə çırpmış və "I am stupid" ("Mən axmağam") demişdi. Bu ifadə sonradan "Formula 1" azarkeşləri arasında məşhur "mem"ə çevrilib.

Xatırladaq ki, sabah "Barselona" klubu Çempionlar Liqasının qrup matçı çərçivəsində Bakının "Sabah" klubu ilə Olimpiya Stadionunda üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.