“Lamin Yamal çox istedadlı futbolçudur. Ekstra səviyyədə oyun nümayiş etdirir və rəqib üçün ciddi təhlükə yaradır. Onun yoxluğu sabahkı qarşılaşmada hiss olunacaq”.
Bu fikirləri “Barselona”nın futbolçusu Frenki De Yonq “Sabah” – “Barselona” qarşılaşması öncəsi keçirilən mətbuat konfransında səsləndirilib.
Bildirilib ki, Yamalın meydana çıxmamasına baxmayaraq, Kataloniya təmsilçisinin heyətində kifayət qədər istedadlı futbolçu var:
“Biz qalib gəlməyə çalışacağıq. Artıq sıx oyun qrafikinə alışmışıq. Həftədə iki-üç oyun keçirmək asan deyil. Buna baxmayaraq, çalışırıq və sabahkı qarşılaşmaya hazırıq. Ümid edirəm ki, yaxşı oyun nümayiş etdirəcəyik. Müəyyən qədər yorğunluğumuz olsa da, bütün diqqətimizi qarşılaşmaya yönəltmişik və motivasiyamız yüksəkdir”.