TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov

TRIPP layihəsini alqışlayır və qısa müddət ərzində icra edilməsinə ümid edirik.

Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, dəhlizin giriş və çıxış nöqtələrinin Azərbaycan sərhədində yerləşməsi səbəbindən Azərbaycan tərəfi gedişat barədə müntəzəm məlumatlandırılıb ki, layihənin icrası mümkün olsun və işlər uyğun şəkildə tənzimlənsin:

“Bu təşəbbüsün Azərbaycan üçün əhəmiyyəti iki əsas müstəvidə qiymətləndirilir. Birinci məqam ölkədaxili kontekstlə bağlıdır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəliş üçün əlavə imkanlar yaradır. İkinci məqam isə daha geniş regional konteksti əhatə edir. Belə ki, bu marşrut Şərq-Qərb Orta Dəhlizinin yeni qolçusu və istiqaməti kimi çıxış edərək təkcə Ermənistana deyil, bütün regional ölkələrə, o cümlədən Cənubi Qafqaz ölkələrinə əlavə imkanlar və üstünlüklər qazandıracaq”.

Nazir əlavə edib ki, paralel olaraq həyata keçirilən digər infrastruktur layihələri də bu prosesi tamamlayır. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması üzrə işlərin yekunlaşması nəzərdə tutulur:

“Eyni zamanda, Türkiyədə 224 kilometr uzunluğunda Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin icrasına başlanılıb. Azərbaycan da yeni inşa edilən dəmir yollarını Azərbaycan–Ermənistan sərhədinə yönəldir, həmçinin Naxçıvan Muxtar Respublikasındakı mövcud xəttin keyfiyyətinin artırılması və Türkiyədəki layihələrlə əlaqələndirilməsi istiqamətində işlər aparır.

Bütün bu xətlər birlikdə Şərq-Qərb dəhlizinə əlavə olaraq Cənubi Qafqazın özü üçün geniş vahid dəhliz və yeni bir həlqə formalaşdırır. Həmin həlqə ehtiyacdan asılı olaraq yüklərin marşrutlarını müxtəlif istiqamətlərdə çevik şəkildə dəyişdirməyə imkan verir”.