“Ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bu ilin ilk 9 ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 900 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin ümumi göstəricisini üstələyir”.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 4 milyard ABŞ dolları təşkil edir.
Bu məbləğin 2,1 milyard dolları SOCAR-ın payına düşür. Eyni zamanda, Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 460 milyon dollar təşkil edir.
O həmçinin bildirib ki, Gürcüstan vasitəsilə Ermənistana neft məhsullarının ixracına başlanılması regionda əməkdaşlığın inkişafına mühüm töhfə verir.