Göyçay şəhərində 44 günlük Vətən müharibəsi şəhidi Babək Səmidlinin altıncı ildönümü məzarı önündə qeyd olunub.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu münasibətlə Göyçay şəhər Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub.
Anım tədbirində şəhid ailələri, din xadimləri, ictimaiyyət nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhidin atası iştirak ediblər.
Mərasimdə çıxış edənlər qəhrəman polkovnik Babək Səmidlinin şərəfli ömür yolundan, hərbi xidmətindən, döyüş meydanında göstərdiyi igidlik və fədakarlıqdan, Azərbaycan torpaqlarının azadlığı uğrunda apardığı mübarizədən söz açıblar. 1974-cü il yanvarın 7-də Göyçay şəhərində dünyaya göz açan Babək Səmidli 1993-cü ildə Türkiyənin Ankara şəhərində Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub, 1997-ci ildə motoatıcı ixtisası üzrə ali hərbi təhsilini başa vurub. Sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrində müxtəlif məsul vəzifələrdə xidmət edib. Tağım və bölük komandiri, tabor komandiri, əməliyyat bölmə rəisi və digər rəhbər vəzifələrdə çalışaraq peşəkar hərbçi kimi formalaşıb.
2005-ci ildə Almaniyada Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində kurs keçən Babək Səmidli hərbi bilik və təcrübəsini daha da artırıb. 2015-ci ildə Birinci Ordu Korpusunun əməliyyat bölmə rəisi, 2017-ci ildə isə korpus komandirinin müavini vəzifəsinə yüksəlib.
2016-cı ilin Aprel döyüşlərində, Talış istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Babək Səmidli, 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində də ön sıralarda olub. Suqovuşan və Talış kəndi istiqamətində aparılan əməliyyatlarda mühüm rol oynayıb. Döyüşlər zamanı öz həyatını təhlükəyə ataraq onlarla yaralı hərbçimizin döyüş meydanından çıxarılmasına kömək edib. Məlumatlara görə, 39 yaralı əsgərin xilas edilməsində iştirak edib.
Suqovuşanın azad edilməsindən sonra belə onun düşüncəsi yalnız hərbi qələbə ilə məhdudlaşmayıb. Ərazidə həyatın bərpası, su təminatının yenidən qurulması üçün mühəndisləri təhlükəli bölgəyə apararaq bu istiqamətdə də xidmət göstərib.
Azərbaycan Ordusunun polkovniki Babək Səmidli hərbi xidmət müddətində bir sıra medal və mükafatlara layiq görülüb. Onun təltifləri sırasında “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı və “Hərbi xidmətlərə görə” medalı yer alıb.
Vətən müharibəsində göstərdiyi şücaətə görə isə ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Lakin Babək Səmidlinin qəhrəmanlıq yolu qələbədən sonra da davam edib. 2020-ci il noyabrın 23-də Suqovuşan ərazisində şəhidlərimizin nəşinin götürülməsi istiqamətində aparılan işlər zamanı minaya düşərək şəhidlik zirvəsinə ucalıb. O, noyabrın 24-də doğulduğu Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhid polkovnik Babək Səmidli ailəli olub. Vətənə Mətləb və Səmid adlı iki oğul övladı yadigar qoyub.