Milibend: London Moskva ilə yüksək səviyyədə dialoqu bərpa etmək niyyətində deyil

Böyük Britaniya Rusiya enerji daşıyıcılarının daşınması üçün dəniz xidmətlərinə qoyulan məhdudiyyətlərin genişləndirilməsi imkanını nəzərdən keçirir.

Rusiya mediasına istinadən, bunu Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend Britaniya parlamentinin İcmalar Palatasının xarici işlər komitəsinin üzvlərinin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, 2027-ci il yanvarın 1-dən Birləşmiş Krallıqda Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) dəniz daşımalarına qadağa qüvvəyə minəcək.

"Bununla yanaşı, neftlə bağlı dəniz xidmətlərinə də qadağa tətbiq etmək olarmı? Bu, nəzərdən keçirdiyimiz məsələlərdən biridir", - deyən nazir, həmçinin Rusiya kömürünün daşınmasına qadağanın qoyulmasını da istisna etmədiyini əlavə edib.

"Kömür Rusiyaya neftlə müqayisədə xeyli az gəlir gətirir. Lakin bunu araşdırmaq lazımdır", - Milibend qeyd edib.

Bundan əlavə, nazir bildirib ki, London Rusiya ilə dövlət başçıları və ya xarici siyasət idarələri səviyyəsində dialoqu bərpa etmək niyyətində deyil.

"Rusiya ilə qarşılıqlı fəaliyyət məsələsində Avropa ilə baxışlarımız fərqlidir. Moskvada səfirimiz var, lakin biz Rusiya hakimiyyəti ilə birbaşa əlaqə saxlamırıq", - o bildirib.

Milibend Londonun bu strategiyaya sadiq qalmağa davam edəcəyini vurğulayıb. Bununla yanaşı, o qeyd edib ki, Böyük Britaniya Ukrayna və Avropada təhlükəsizlik arxitekturası üzrə danışıqlarda iştirak etmək niyyətindədir.