Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Bakı-Tbilisi-Bakı sərnişin qatarının altı illik fasilədən sonra fəaliyyətinin bərpasını iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm addım adlandırıb.
Bunu Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasında siyasi gündəlik zəngindir və mütəmadi məlumat mübadiləsi, yeni təşəbbüslər üzərində birgə iş aparılmasını tələb edir:
“2026-cı il Azərbaycan-Gürcüstan münasibətləri baxımından əhəmiyyətli olub və bu istiqamətdə mühüm addımlar atılıb”.
Maka Boçorişvili Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkətinin altı illik fasilədən sonra bərpasının xalqlar arasında təmasların və ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.
O, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işlərinin başa çatdırılmasını da mühüm hadisə kimi qiymətləndirib:
“Bu layihə yalnız üç ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyət daşıyır”.