Bakıda tanışına qarşı dələduzluq etmiş şəxsə hökm oxunub.
Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə 1984-cü il təvəllüdlü Ceyhun Piriyevə hökm oxunub.
Araşdırmalar zamanı məlum olub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş Renat Əlləzov təcridxanada ikən Ruslan adlı şəxslə tanış olub. Həmin şəxs Renata hüquq-mühafizə orqanlarında Tağı Vahabov adlı tanışının olduğunu deyib və həbsdən buraxılmasına kömək edə biləcəyini vəd edib.
Bundan sonra Renat öz yaxınlarına bu barədə məlumat verib. Onlar Sabunçu rayonu ərazisində özünü Tağı Vahabov kimi təqdim edən şəxslə görüşüblər və hissə-hissə olmaqla 14 500 manat pul veriblər. Lakin bir müddət sonra hər hansı dövlət qurumunda Tağı Vahabov adlı zabitin işləməməsi, həmin adamın əslində Ceyhun adlı vətəndaş olması üzə çıxıb.
Məsələ ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciətin edilməsindən sonra onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə iş açılıb.
Məhkəmədə Ceyhun ifadə verərək törətdiyi əməli etiraf edib və alınan pulların artıq geri qaytarıldığını deyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Ceyhun Piriyevə 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq taxılıb. ("Qafqazinfo")