"İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb"İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb.
İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, vəsaitin həmmüəlliflərindən biri olmaq onun elmi-pedaqoji fəaliyyəti baxımından mühüm və qürurverici hadisədir. O qeyd edib ki, müasir dövrdə informasiya təhlükəsizliyi yalnız texnoloji məsələ deyil, həm də cəmiyyətin və rəqəmsal dünyanın ən mühüm prioritetlərindən biridir. Bu sahədə biliklərin sistemləşdirilməsi, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, tədris vəsaiti ümumi təhsil müəssisələrində müəllimlərin hazırlığı və şagirdlərin təhlükəsiz rəqəmsal davranış bacarıqlarının inkişafına dəstək məqsədilə hazırlanıb. Nəşr "İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı" layihəsi çərçivəsində informatika müəllimləri üçün tədris resursu kimi nəzərdə tutulub.
Bəhruz Əliyev bildirib ki, vəsait Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması" layihəsi çərçivəsində hazırlanıb. Layihə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən həyata keçirilib. Kitabın təqdimatı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilib.
Səkkiz moduldan ibarət olan vəsaitdə kibertəhlükəsizliyin əsasları, kiberhücumlar, məlumatların və məxfiliyin qorunması, təşkilati təhlükəsizlik, təhsil və karyera, rəqəmsal etika, onlayn münasibətlər və insidentlərə ilkin reaksiya kimi mövzular əhatə olunub.
O vurğulayıb ki, nəşrdə təqdim olunan izahlar, nümunələr, müzakirə və özünü yoxlama sualları müəllimlərin informasiya təhlükəsizliyi üzrə biliklərinin möhkəmləndirilməsinə və həmin biliklərin məktəb mühitində tədrisinə kömək edəcək.
Bəhruz Əliyev layihənin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edib və yeni nəşrin informasiya təhlükəsizliyi sahəsinə maraq göstərənlər üçün faydalı bilik mənbəyi olacağına ümid etdiyini bildirib.