TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı imkanlarını genişləndirməklə yanaşı, Şərq-Qərb və Orta Dəhliz marşrutlarına yeni perspektivlər qazandıracaq.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, layihə ilə bağlı danışıqların hazırlıq mərhələsində şirkətin formalaşdırılması, payların bölüşdürülməsi və digər məsələlər müzakirə olunub, Azərbaycan tərəfi proses barədə mütəmadi məlumatlandırılıb.
O bildirib ki, dəhlizin giriş və çıxış nöqtələrinin Azərbaycan ərazisində yerləşməsi layihənin icrası baxımından ölkənin proseslərdən məlumatlı olmasını və müvafiq işlərin koordinasiyasını zəruri edir.
Ceyhun Bayramov Azərbaycanın layihəni alqışladığını, onun nəzərdə tutulan müddətdə həyata keçirilməsini və tamamlanmasını arzuladığını bildirib. O, ərazidə artıq fiziki işlərin başlanmasının müşahidə olunduğunu da qeyd edib.
XİN rəhbərinin sözlərinə görə, layihənin Azərbaycan üçün əhəmiyyəti ilk növbədə ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəliş üçün əlavə imkanlar yaratması ilə bağlıdır.
Bayramov layihənin regional əhəmiyyətinə də diqqət çəkib. Bildirib ki, bu, Şərq-Qərb və Orta Dəhliz üçün yeni istiqamət və əlavə imkanlar yaradacaq, yalnız Azərbaycan və Ermənistan deyil, digər region ölkələri də bundan faydalana biləcək.
Nazir vurğulayıb ki, beynəlxalq yükdaşımalar zamanı yalnız bir marşrut deyil, bütövlükdə regionun yükötürmə qabiliyyəti nəzərə alınır. Avropa İttifaqı, Çin və digər Asiya ölkələri arasında böyük həcmdə yük axınları mövcuddur və marşrutların seçimində alternativlərin olması mühüm rol oynayır.
Ceyhun Bayramov bildirib ki, nəqliyyat marşrutlarının alternativlərinin artması regionun logistika imkanlarına müsbət təsir göstərə, yeni yük axınlarının cəlb olunmasına və bütün Cənubi Qafqaz ölkələri üçün əlavə üstünlüklər yarada bilər.