İsrail ordusu HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini öldürüb

İsrail Müdafiə Qüvvələri (İMQ) Fələstinin HƏMAS hərəkatının daxili təhlükəsizlik xidmətinin rəhbəri Naim Əbu Nəhəli öldürüb.

Sfera.az bildirir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu “X” sosial şəbəkəsində məlumat verib.

“İsrail Müdafiə Qüvvələri HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbəri Naim Əbu Nəhəli öldürüb”, – deyə Netanyahu yazıb.

Baş nazir qeyd edib ki, öldürülən şəxsin sələfi üç ay əvvəl keçirilən əməliyyat zamanı İsrail ordusu tərəfindən ələ keçirilib.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri daha əvvəl Qəzza zolağında HƏMAS-a məxsus yeraltı obyektin məhv edilməsi əməliyyatının təfərrüatlarını açıqlamışdı.

Obyekt Qəzzada qoşunların ayrılma xətti kimi tanınan “Sarı Xətt”in altında yerləşirdi. İsrail ordusunun məlumatına görə, yeraltı infrastruktur HƏMAS üzvlərinə sərhədyanı ərazilərdən anklavın mərkəzi hissəsinə keçməyə imkan verirdi.

İMQ bəyan edib ki, həmin obyekt hərbçilər üçün birbaşa təhlükə yaradır və həm hərbi qulluqçulara, həm də mülki şəxslərə hücumlar üçün istifadə oluna bilər.