Gürcüstan XİN rəhbəri: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın potensialını üzə çıxaracaq

Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqaz regionunun potensialını daha da üzə çıxaracaq.

Bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Bu gün biz Cənubi Qafqazdakı vəziyyəti və Azərbaycanla Ermənistan arasındakı münasibətləri müzakirə etdik. Gürcüstanın mövqeyi dəyişməz olaraq qalır: biz regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə hər zaman hazırıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətindəki irəliləyişi alqışlayırıq. Bu ölkələr arasında əməkdaşlığın inkişafı regionda sabitliyi möhkəmləndirəcək və onun potensialından daha tam istifadə etməyə imkan verəcək", - Gürcüstanın XİN rəhbəri bildirib.

Boçorişvilinin sözlərinə görə, tərəflər həmçinin regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi təşəbbüsünü də müzakirə ediblər.

"Biz bu istiqamətdəki işlərin gedişatını izləyirik. Cənubi Qafqazın güclənməsinə töhfə verən bütün layihələri regionumuz üçün vacib hesab edirik. Bu gün həmçinin qlobal prosesləri və regiondakı geosiyasi vəziyyəti müzakirə etmək imkanımız oldu. Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlər və dostluq regional əməkdaşlığın inkişafına mühüm töhfə verir. Birgə səylərlə biz regionumuzda və onun hüdudlarından kənarda nəqliyyat və logistika dəhlizlərinin inkişafına, iqtisadi əlaqələrin gücləndirilməsinə və Cənubi Qafqazın potensialından daha tam istifadə edilməsinə kömək edəcəyik", - XİN rəhbəri əlavə edib.