Azərbaycanın ABŞ ilə münasibətlərində son dövrlər mühüm irəliləyişlər əldə olunub. 2026-cı ilin fevralında ABŞ-nin vitse-prezidenti Cey.Di. Vensin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Prezident İlham Əliyevin noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul etməsi də əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından diqqət çəkib. Görüşdə regional sülh, TRIPP layihəsi və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Azərbaycanın Böyük Britaniya ilə münasibətlərində də yeni mərhələyə qədəm qoyulub. Noyabrın 12-də iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması mövcud strateji münasibətlərin rəsmən yeni səviyyəyə yüksəldilməsi, siyasi, iqtisadi, təhlükəsizlik, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradıb. Bu addımlar Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, ardınca Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin rəsmiləşdirilməsi Azərbaycanın Qərb dövlətləri ilə əlaqələrində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi? Bu iki mühüm diplomatik addım ölkəmizin beynəlxalq mövqeyinə, iqtisadi və investisiya imkanlarına, eləcə də Cənubi Qafqazdakı geosiyasi roluna hansı dividendləri gətirə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, milli diplomatiya milli gücün beynidir:
"O, milli gücün və milli imkanların bütün potensialını səfərbər edərək real gücə çevirir. Azərbaycanın diplomatiyası Prezident İlham Əliyevin siyasi qərarları və prioritetləri əsasında formalaşır. Ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı bərpa etdikdən sonra milli diplomatiyamız yeni tarixi status əldə etdi. Bu status, əslində, müstəqil Azərbaycan dövlətinin də yeni statusudur".
Millət vəkili qeyd etdi ki, Azərbaycan dövlətinin xarici siyasət prioritetləri milli maraqlar və tərəfdaşlıq prinsipləri əsasında qurulduğu üçün diqqət çəkir və yeni diplomatik model formalaşdırır:
"Bu, etimada söykənən bir modeldir. Çünki Azərbaycan uzun illər əməkdaşlıq etdiyi ölkələrlə sabit və ardıcıl diplomatiya həyata keçirib, üzərinə götürdüyü öhdəliklərdən heç vaxt yayınmayıb və geri çəkilməyib. Bu isə yeni tarixi mərhələdə Azərbaycanı, xüsusilə də Avropa üçün yeni cazibə mərkəzinə çevirib. Burada Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlər xüsusi əhəmiyyət daşıyır".
Müsahibimiz xatırlatdı ki, hazırkı münasibətlər 2023-cü ilə qədər mövcud olan ənənəvi əlaqələrdən müəyyən qədər fərqlənir:
"Çünki 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycan suveren hüquqlarını bərpa etdi və sülh üçün real zəmin yarandı. Beləliklə, enerji mənbələrimizin şaxələndirilməsi, yeni enerji və yaşıl enerji istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanlar yarandı. Bu, Avropa ölkələri baxımından Cənubi Qafqazın yenidən dünya siyasətinə qayıtması demək idi. Çünki Cənubi Qafqaz həm siyasi, həm də iqtisadi baxımdan bir növ şimal qonşumuz tərəfindən girov götürülmüş region idi. Məsələnin mahiyyəti də bundan ibarətdir".
Siyasətçi vurğuladı ki, Azərbaycana maraq günü-gündən artır:
"Bir tərəfdən İtaliyanın, digər tərəfdən Almaniyanın xarici işlər naziri Azərbaycana səfər edir. Artıq ticarət əlaqələri baxımından Avropa İttifaqının 10 ölkəsi ilə əməkdaşlıq edirik və bu istiqamətdə Böyük Britaniya önə çıxan ölkələrdən biridir. Biz 2026-cı ildə Amerika Birləşmiş Ştatları ilə Strateji Tərəfdaşlıq Xartiyası imzaladıq. Bunun nəticələri artıq göz qabağındadır. Bir neçə gün əvvəl ABŞ-nin daxili təhlükəsizlik naziri Azərbaycana səfər etdi. Elə bu günlərdə TRIPP marşrutunun icrasına başlanıldığı elan edildi. Bununla paralel olaraq geosiyasi qərarlar da qəbul edilməyə başladı. Məsələn, bunlardan biri Ermənistanın yeni Konstitusiya layihəsinin cəmiyyətə təqdim olunmasıdır. Bu isə özlüyündə dəhlizin fəaliyyətə başlaması ilə əlaqədar yeni mərhələ yaradır".
Onun sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsi də məhz bu zərurətdən irəli gələn hadisədir.
"Çünki dünya siyasətini müəyyənləşdirən böyük dövlətlər artıq Azərbaycanın yaratdığı reallıqlar əsasında Cənubi Qafqazı qarşıdurma məkanı kimi deyil, tərəfdaşlıq məkanı kimi görürlər. Məsələ bundan ibarətdir. Cənubi Qafqazdan söhbət gedəndə hər bir ölkə regionun açar dövləti olan Azərbaycana üz tutur. Çünki böyük iqtisadiyyatı, nüfuzlu mövqeyi və yaratdığı kommunikasiyalarla regionun siyasi və iqtisadi açarı Azərbaycanın əlindədir. Hər kəs də məhz bu imkanlardan istifadə edərək Azərbaycanla əməkdaşlığa can atır", - deyə Hikmət Babaoğlu yekunlaşdırdı.