Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda "AzInTelecom" şirkətinin elektron imza həlləri üzrə bölməsinin rəhbəri Lalə İmanova bildirib.
Onun sözlərinə görə, "AzInTelecom" sahibkarlar üçün SİMA elektron imzasının idarə edilməsi funksiyalarına çıxış imkanlarını genişləndirib. Belə ki, sahibkarlar artıq hər bir əməliyyatı SİMA vasitəsilə ayrıca təsdiqləməyə ehtiyac olmadan, öz biznesləri adından əməliyyatların aparılması səlahiyyətlərini əməkdaşlarına həvalə edə bilərlər.
“Şirkətin müştəriləri xüsusi şəxsi kabinet vasitəsilə elektron imzanı məsafədən sifariş edə, həmçinin əməkdaşlar arasında imza səlahiyyətlərini və hüquqlarını bölüşdürə bilərlər. Bu, səlahiyyət verilmiş əməkdaşlara imza sahibinin hər dəfə SİMA vasitəsilə təsdiqini almadan şirkətin VÖEN-i ilə bağlı vergi və digər əməliyyatları müstəqil şəkildə həyata keçirməyə imkan verir. Ötən ilədək bu funksionallıq yalnız hüquqi şəxslər və dövlət qurumları üçün əlçatan idi. Lakin bu il sahibkarların müraciətlərini və ehtiyaclarını nəzərə alaraq şirkət məhsula çıxış imkanlarını genişləndirib”, – deyə L. İmanova bildirib.
Onun sözlərinə görə, yenilik sahibkarların gündəlik fəaliyyətini asanlaşdırmağa yönəlib.
“Misal üçün, müvafiq səlahiyyətlərin verilməsi sayəsində mühasiblər sahibkarın əlavə təsdiqinə ehtiyac olmadan dövlət qurumları vasitəsilə vergi və digər əməliyyatları müstəqil şəkildə həyata keçirə bilərlər”, – deyə L. İmanova qeyd edib.
O, həmçinin istifadəçilərə elektron imzanın təhlükəsizliyinə müstəqil nəzarət etməyə imkan verən “Aktiv sessiyalar” funksionallığı barədə məlumat verib.
“Müştərilər SİMA İmza tətbiqinin müvafiq bölməsinə daxil olaraq elektron imzalarının aktiv olduğu digər cihazları görə və onları idarə edə bilərlər. İstifadəçi aktiv sessiyanın saxlanılmasını istəmədiyi cihaz aşkar edərsə, həmin cihazı dərhal deaktiv edə bilər”, – deyə o izah edib.
Xarici bazarlara çıxış planlarından danışan L. İmanova bildirib ki, "AzInTelecom" bir sıra ölkələrlə, o cümlədən Afrika bazarında fəaliyyət göstərən dövlətlərlə danışıqlar aparır.
Onun sözlərinə görə, hazırda şirkət Afrika ölkələrindən biri ilə danışıqlar aparır və yaxın vaxtlarda həmin ölkəyə SİMA İmza həllini təklif etməyi planlaşdırır.