Azərbaycan Mərkəzi Bankı (AMB) faktorinq bazarının inkişafı və digər aktiv əsaslı maliyyələşdirmə alətlərinin təşviqi məqsədilə qanunvericilik dəyişiklikləri hazırlayıb, maliyyələşdirilmiş tələblərin reyestrinin yaradılması və bu sahədə metodoloji çərçivənin formalaşdırılması istiqamətində iş aparır.
Bunu AMB-nin Maliyyə sektorunun inkişafı departamentinin rəhbəri Nərgiz Şirəliyeva Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, AMB-nin nəzdində yaradılması nəzərdə tutulan maliyyələşdirilmiş tələblərin reyestri iki əsas istiqaməti əhatə edəcək. Bunlar faktorinq əməliyyatlarının stimullaşdırılması və faktorinqdən əlavə digər aktiv əsaslı maliyyələşdirmə alətlərinin təşviqidir.
Bu tədbirlər AMB-nin2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf Strategiyasında müəyyən edilmiş hədəflərdən irəli gəlir. Strategiya maliyyə alətlərinin şaxələndirilməsi, maliyyə xidmətlərinin əlçatanlığının artırılması və sektorun inkişafının dəstəklənməsini nəzərdə tutur.
N.Şirəliyeva bildirib ki, ilkin mərhələdə bu istiqamətdə texniki-iqtisadi əsaslandırma aparılıb. Təhlil nəticəsində müəyyən edilib ki, mövcud texnoloji infrastrukturun məhdudluğu maliyyə institutlarının təchizat zəncirinin maliyyələşdirilməsi məhsullarını idarə etmək imkanlarını çətinləşdirir. Bu problemin həlli üçün maliyyələşdirilmiş tələblərin reyestrinin yaradılması nəzərdə tutulub.
Bununla yanaşı, AMB Vergi Məcəlləsinə, Mülki Məcəlləyə və digər normativ hüquqi aktlara dəyişikliklər hazırlayıb. Hazırda təkliflər aidiyyəti qurumlarla razılaşdırılır.
Departament rəhbəri qeyd edib ki, bazarın inkişafı yalnız texnoloji infrastrukturun qurulması və qanunvericiliyin təkmilləşdirilməsi ilə məhdudlaşmır. Faktorinq və digər aktiv əsaslı maliyyələşdirmə mexanizmlərinin praktik tətbiqinin genişləndirilməsi üçün maliyyə sektorunda məlumatlılığın artırılması və mütəxəssislərin potensialının gücləndirilməsi də vacibdir. Bu məqsədlə potensialın artırılması proqramının hazırlanması da nəzərdə tutulur.
O əlavə edib ki, AMB aktiv əsaslı maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsi üçün yeni metodoloji rəhbərlik layihəsi də hazırlayıb. Sənəddə satış əsaslı və kredit əsaslı maliyyələşdirmə alətlərinin xüsusiyyətləri, bu alətlərlə bağlı risklər, risklərin idarə edilməsi və minimallaşdırılması üsulları əks olunub. Metodoloji rəhbərliyin yaxın vaxtlarda maliyyə sektoruna təqdim edilməsi planlaşdırılır.
Hazırda Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) vasitəsilə yalnız faktorinq əməliyyatları üzrə məlumatlar toplanır. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi və digər aktiv əsaslı maliyyələşdirmə məhsullarının da reyestrə inteqrasiyası nəzərdə tutulur. Bu, sistemin funksionallığının artırılmasına və aktiv əsaslı maliyyələşdirmə bazarının daha geniş əhatə olunmasına imkan verəcək.