“10 xal geridən gəlib, çempionluğu qazandığım mövsümlər olub”

Yayda Türkiyədən ayrılacağı ilə bağlı yayılan çoxsaylı xəbərlərə baxmayaraq, “Fənərbaxça”da qalmağa üstünlük verən qapıçı Ederson “Totem” adlı “yutub” kanalına açıqlamalar verib.

Bu mövsüm superliqada iştirak etdiyi 10 oyunun 6-da qapısını toxunulmaz saxlayan təcrübəli braziliyalı qapıçı çempionluq mübarizəsindən, Türkiyədə yaşadıqlarından və başqa məqamlardan danışıb. 33 yaşlı qolkiper ötən mövsüm xüsusilə “Qalatasaray”la derbidə biabırçı şəkildə gördüyü qırmızı vərəqədən sonra fanatların ciddi qəzəbinə tuş gəlmişdi. Amma o, İstanbuldakı həyatından razı olduğunu bildirib:

“Türkiyə çempionatında hədəfimiz, təbii ki, çempionluqdu. Çünki klubumuz və fanatlarımız uzun illərdi çempionluq həsrətindədi. Düzdü, hazırda zirvə ilə aramızda bir qədər xal fərqi var. Amma karyeramda daha öncə hətta 10 xal geridən gəlib, çempionluğu qazandığım mövsümlər olub. Yəni mövsümün böyük hissəsi irəlidədi və hələ çox şey dəyişə bilər. Mən belə mövzularda həmişə sakit və soyuqqanlı olmağa çalışıram. Çətin anlarda komanda yoldaşlarımla danışıb, onları bir araya gətirməyə üstünlük verirəm. Çünki çətin dönəmdən keçərkən lazımsız bir xaosdan uzaq durmağa çalışmaq lazımdı. Hər saniyənin bizə öyrədəcəyi bir şey var. Yaxşı zamanlardan da, pis zamanlardan da dərs çıxarmaq lazımdı. Yaxşı zamanlar bizə müəyyən şeylər öyrədirsə, pis zamanlar bizə hansı yöndə inkişaf etməli, üzərimizdə çalışmalı olduğumuzu göstərir. Mən futbola həmişə sakit və soyuqqanlı yanaşıram. Qazandığım təcrübəni komanda yoldaşlarım, xüsusilə də gənc oyunçular ilə paylaşmağa çalışıram. Onlara da hər vəziyyətdə sakit qalmağı, həvəsdən düşməməyi, üzərlərindəki təzyiqin artmasına imkan verməməyi məsləhət görürəm. Ötən mövsüm mənim üçün asan keçmədi. İşlərin yaxşı getmədiyi dönəmlər oldu. Buna rəğmən, əhval-ruhiyyəmi yüksək tutmaqda, çalışmaqda və özümü bu işə həsr etməkdə davam etdim. Mən istənilən vəziyyətdə işinə 100 faiz köklənən bir insanam. Türkiyə xalqının tək futbola yox, bütövlükdə idmana sevgisi, bağlılığı dünyanın qalan hissəsindən çox fərqlənir. Tribunalardakı atmosfer həqiqətən inanılmazdı. Mən belə ab-havada oynamağı çox sevirəm. Dost-tanışlarıma da burdakı atmosferdən ağızdolusu danışıram. Onlara deyirəm ki, türk xalqı qədər idmana bağlı olan başqa bir xalq tapmaq çətindi. Türkiyə haqda onsuz da bura gəlməmiş də çox şey eşitmişdim. Bu ölkədə çox xoşbəxtəm. İstanbul ÇL-i qazandığım və peşəkar karyeramda ən böyük sevinc yaşadığım bir şəhərdi. Ailəmlə, uşaqlarımla birlikdə burda gözəl zaman keçiririk. İstanbulun tarixi də, iqlimi də, mətbəxi də mükəmməldi. Daha çox günəş görmək mənim enerjimi də yüksəldir. Qısası, İstanbulda xoşbəxt həyat sürürəm”.