Polşada 15 yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi hazırlanıb.
Bu barədə “Polsat News” ölkənin təhsil naziri Barbara Novatskaya istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, Təhsil Nazirliyi və Rəqəmsallaşma Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi 2028-ci il yanvarın 1-dən qüvvəyə minə bilər.
Novatska bildirib ki, əsas məqsəd uşaqları sosial şəbəkələrin mənfi təsirlərindən qorumaqdır. O, məhdudiyyətlərin daha erkən tətbiqinin də mümkün olduğunu vurğulayıb.
Yeni qaydalara əsasən, istifadəçilərin yaşının yoxlanılması üçün xüsusi SIM kartlardan və dövlətin “mObywatel” elektron tətbiqindən istifadə oluna bilər.
Qeyd edək ki, Avropanın bir sıra ölkələrində də oxşar məhdudiyyətlər müzakirə olunur. Yunanıstan 2027-ci ildən 15 yaşadək uşaqların sosial şəbəkələrə girişini qadağan etməyi planlaşdırır. Danimarkada isə məktəblərdə smartfon istifadəsinə məcburi məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.