“Xəstə olanda Yaşar üçün cangüdən tutmuşdum; sonunda dedilər ki, onunla bacarmırıq...”-ÖZƏL

“Yaşarın səhhətini həmişə qoruyurdum. Ona izah edirdim ki, bu sənə olar, bu sənə olmaz. Bəzən əsəbləşirdim də. Amma mən onunla neçə il yaşamışam, nə bir dəfə ucadan danışmamışam, nə də bir kəlmə artıq-əskik söz deməmişəm. Evlənən günündən artıq bilirdim ki, Yaşar nəyi xoşlayır, nəyi xoşlamır?! Ona görə də Yaşar üçün hər şəraiti yaradırdım”

Bunu açıqlamasında mərhum sənətkar, Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva deyib. O daha sonra əlavə edib:

“Yaşar həyatını, ömrünü, nəfəsini, sağlamlığını sənətə həsr etdi. Sözün əsl mənasında sənətkar idi. İndi sənətkar sözünü çox ucuzlaşdırıblar. Tamaşaya gedib gəlirdi.. Deyirdim ki, sənin üçün geyim qoymuşdum, niyə dəyişməmisən?! Kimə deyirdin?! Hərhalda teatra gedib onun üçün bunları edə bilməzdim. Xəstə olanda cangüdən də tutmuşdum ki, onun arxasınca gedib bu işlərlə məşğul olsun. O belə şeyləri sevmirdi.. Axırda cangüdən dedi ki, “biz bu qapıdan giririk, Yaşar müəllim o biri qapıdan çıxır, bizdə alınmır”. Yaşar xəstəliyə ölüm gözü ilə baxmırdı, ürəyinə salmırdı. Türkiyəyə gedib gələndə yanında qalırdım. Yaşar bir dəfə soruşmadı ki, həkim səhhətim haqda nə dedi?! Analizlərimin cavabı nə çıxdı? O bilirdi ki, mən ordayamsa maraqlanıram, həkimlər mənimlə danışırlar. Əvvəldən də belə idi. Canının qədrini bilmirdi. 4 dəfə ölüm xəbərini yaymışdılar. Mən bunları ona çatdırmırdım. Yaşara ən yaxşı məlumatları verirdim. Xəstəyə elə söz deyərlər?! 6 il ərzində bir dəfə də onun yanında ağlamadım. Kənara çəkilib ağlayırdım, dərdə-qəmə batırdım.. Aşağı düşüb streslə çay içirdim. O qədər rola girirdim ki.. Təki Yaşara neqativ enerji ötürməyim. O da mənə baxıb fərəhlənirdi. Bir dəfə də mənə deməmişdi ki, “səni sevirəm”. Amma xəstə vaxtlarında mən ondan bu sevgini hiss edirdim. Bəlkə də yaşasaydı bu sevgi daha uzun-ömürlü ola bilərdi.. Heyif. Amansız əcəl ona imkan vermədi” deyə sənətkarın xanımı bildirib.