Alyona Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib.Bu barədə AZƏRTAC xəbər verir.
Nazir müavini Rəşad Mustafayev qonağa Mərkəzin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəz əlilliyi olan şəxslərin və digər həssas əhali qruplarının yaradıcılıq potensialının inkişafına, reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərir.
Qeyd olunub ki, beş il əvvəl fəaliyyətə başlayan Mərkəzdə, eləcə də sonradan yaradılan İsmayıllı və Bərdə filiallarında indiyədək 1160-dan çox şəxs təlimlərə və sosial-psixoloji xidmətlərə cəlb edilib. Hazırda 380-dək benefisiar bacarıqlarını inkişaf etdirir.
Alyona Əliyeva benefisiarların əl işlərindən ibarət sərgi ilə tanış olub, Mərkəzin səsyazma, floristika, bədii oyma, xalçaçılıq, keramika, təsviri incəsənət və kapoeyra studiyalarına baş çəkib. O, həssas qruplara aid şəxslərlə görüşərək onların yaradıcılıq prosesini izləyib.
Qonağa Mərkəzin tədbirləri, sosial təşəbbüsləri və benefisiarların yaradıcılıq nümunələrinin təbliği məqsədilə yaradılan dostart.az portalının fəaliyyəti barədə də məlumat verilib.
Sonda Alyona Əliyeva Mərkəzin təlimçiləri və benefisiarlarının iştirakı ilə təqdim olunan inklüziv konsert proqramını izləyib.