Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə hazırladığı "Rəqabətqabiliyyətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri" (CRAİS) layihəsi çərçivəsində nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) maliyyə və institusional qiymətləndirmə (Due Diligence) missiyası həyata keçirilib.
Bu barədə Nazirliyə istinadən xəbər verilir.
Məlumata görə, missiyada Dünya Bankının qiymətləndirmə prosesi üzrə əsas əlaqələndiricisi Xose Rutman və maliyyə mütəxəssisi Patrik Doherti iştirak ediblər.
Missiyanın əsas məqsədi AKİA-nın institusional və maliyyə idarəetmə potensialı, mövcud əməliyyat mexanizmləri və CRAİS layihəsi çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin icrasına hazırlıq səviyyəsinin qiymətləndirilməsi olub.
Missiya çərçivəsində Dünya Bankının ekspertləri AKİA rəhbərliyi və müvafiq struktur bölmələrinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə Agentliyin tətbiq etdiyi güzəştli kredit və maliyyə dəstəyi mexanizmləri, kənd təsərrüfatı subsidiyalarının idarə edilməsi, beynəlxalq layihə və proqramların icrası, maliyyə və mühasibat uçotu, hüquqi tənzimləmə, daxili nəzarət və monitorinq sistemləri barədə ətraflı məlumat təqdim olunub.
Dünya Bankının nümayəndələri AKİA ilə əməkdaşlıq edən müvəkkil kommersiya bankları və bank olmayan kredit təşkilatlarının (BOKT) təmsilçiləri ilə də görüşüblər. Görüşlər zamanı aqrar sektorda maliyyə resurslarına çıxış imkanları, güzəştli kreditləşmə mexanizmlərinin tətbiqi, texniki yardım tədbirləri və dövlət maliyyə dəstəyi alətlərinin səmərəliliyi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Mərkəzi Bankında keçirilən görüşdə isə AKİA-nın kənd təsərrüfatı sektorunda maliyyə inklüzivliyinin genişləndirilməsində rolu, müvəkkil kredit təşkilatları ilə əməkdaşlıq mexanizmləri, eləcə də maliyyə sektorunda tənzimləmə və nəzarət məsələləri müzakirə edilib.
Missiyanın yekununda kənd təsərrüfatı nazirinin müavinləri Zaur Əliyev və İlhamə Qədimovanın, həmçinin AKİA rəhbərliyinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı Dünya Bankının ekspertlərinin apardığı qiymətləndirmənin ilkin nəticələri təqdim olunub, institusional və əməliyyat proseslərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.
Tərəflər CRAİS layihəsi çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin səmərəli icrası, institusional potensialın gücləndirilməsi və növbəti mərhələlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Missiya Dünya Bankı ilə AKİA arasında əməkdaşlığın inkişaf etdirilməsi, aqrar sektorda maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun institusional idarəetmə potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.