Ermənistanda yeni Konstitusiya layihəsi ilə prezidentin rolu və səlahiyyətləri, eləcə də bu vəzifəyə namizəd olmaq istəyən şəxslərə qoyulan tələblər yenidən nəzərdən keçirilir.
Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Layihəyə əsasən, prezidentin əsas vəzifəsi Konstitusiyaya və qanunlara əməl olunmasına nəzarət etmək, dövlət orqanlarının normal fəaliyyətinə və onlar arasında əməkdaşlığa şərait yaratmaq olacaq. Prezident, həmçinin hakimiyyətin müxtəlif qolları arasında tarazlığın qorunmasına və yaranan fikir ayrılıqlarının aradan qaldırılmasına dəstək verməlidir.
Təklif olunan dəyişikliklər Ermənistanın parlament idarəetmə modelini dəyişdirmədən prezident institutunun institusional rolunun artırılmasını nəzərdə tutur. Prezident hökumətin funksiyalarını öz üzərinə götürməyəcək, dövlət strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təmin olunmasına töhfə verən institut kimi çıxış edəcək.
Prezidentliyə namizədlər üçün konstitusion tələblərdə də dəyişikliklər təklif olunur. Hazırda qüvvədə olan Konstitusiyaya əsasən, prezidentliyə namizədin ən azı 40 yaşı olmalıdır. Yeni layihədə isə bu yaş həddinin 35-ə endirilməsi nəzərdə tutulur.
Eyni zamanda, Ermənistan vətəndaşlığına malik olmaq və ölkədə daimi yaşamaq üçün tələb olunan müddət 6 ildən 5 ilə endirilir.
Yeni layihəyə əsasən, prezidentə məhkəmə hakimiyyəti sahəsində də müəyyən səlahiyyətlər veriləcək. Belə ki, o, Ali Məhkəmə Şurasının iclaslarını çağıra biləcək. Lakin səsvermə hüququna malik olmayacaq və şura üzvlərinə məcburi göstərişlər verə bilməyəcək.