Iran İslam Respublikasının ali rəhbəri Müctəba Xameneinin dayısı Cavad Bağırzadə vəfat edib. Mərhum bazar günü, 22 noyabrda Məşhəddəki İmam Rza ziyarətgahında dəfn edilib. İranın “Səda və Sima” Televiziya və Radio Yayımları Korporasiyası Xameneinin ailə üzvlərindən bir qrupunun orada olduğunu bildirib. Mərasimə aid materiallarda Müctəba Xameneinin və ya anası Mənsurənin şəkli yer almayıb.
Cavad Bağırzadə 21 noyabr şənbə günü vəfat edib. Dəfn mərasimi “Kövsər” həyətində keçirilib və cənazəsi Həzrəti Zəhranın məqbərəsinin qarşısındakı üstüörtülü həyətdə dəfn edilmişdir. “Səda və Sima” TV onu 1979-cu il inqilabından əvvəl Ruhullah Xomeyninin səhabələrindən biri kimi təqdim edib. “Səda və Sima” TV-nin direktor müavini Əhməd Pəhləvanian başsağlığı mesajında mərhumun qardaşı və təşkilatın keçmiş direktoru Həsən Bağırzadəni xüsusi olaraq qeyd edib.
Mərhum ali rəhbər Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə Bağırzadənin adı 2025-ci ilin mart ayında onun vəziyyəti ilə bağlı ziddiyyətli xəbərlərdən sonra gündəmə gəlmişdi. “Səda və Sima” TV-nin "İkinci Kanal"ı Əli Xameneinin iqamətgahına hücumdan sonra onun öldüyünü elan etmişdi. "Fars" xəbər agentliyi bir neçə gün sonra xəbəri təkzib edərək onun sağ olduğunu bildirmişdi. İndi, qardaşının dəfn mərasimindən sonra mərasimlə bağlı rəsmi məlumatlarda onun və ya Müctəba Xameneinin dəfn mərasimində iştirak edib-etmədiyi hələlik aydınlaşdırılmayıb.