“Vilyam Lyusun “İstədiyim kimi yaşamışam” monotamaşasında canlandırdığım Zelda obrazı bir qadının həyat hekayəsidir. Bu, olmuş bir hadisədir”.
Bunu açıqlamasında Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Mehriban Abdullayeva böyük anşlaqla keçən monotamaşa ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Aktrisa mərhum həyat yoldaşı, rejissor, Xalq artisti Ağakişi Kazımovun quruluş verdiyi son tamaşanı səhnədə yenidən canlandırıb:
“Doğma teatrımızda Vilyam Lyusun “İstədiyim kimi yaşamışam” monotamaşasını yenidən oynadım. Tərcüməsi və quruluşu mərhum rejissorumuz Ağakişi Kazımova məxsusdur. Bu, onun son tamaşasıdır. 2017-ci ildə ilk tamaşanı noyabrın 29-da onun doğum gününə həsr etdik. Tamaşada canlandırdığım Zelda obrazı bir qadının həyat hekayəsidir. O, zəngin, istedadlı, özünün də dediyi kimi, həyatda istədiyi kimi yaşamış, ərini hədsiz dərəcədə sevən, təəssüf ki, sonu çox böyük faciə ilə bitən bir qadındır. Faciənin əsas səbəbi isə qısqanclıqdır. Daxili o qədər zəngin obrazdır ki, hər dəfə onun xarakterində bir yeni ştrix tapıram. Təəccüb edirəm ki, bunu əvvəl niyə hiss etməmişəm. Onu da qeyd edim ki, Zelda məşhur amerikalı yazıçı Frensis Skott Fitsceraldın həyat yoldaşı olub. Deyilənə görə, onlar 1935–1940-cı illərdə Amerikada çox tanınmış cütlük olublar. Yəni bu, olmuş bir hadisədir”.
Tamaşadan fotoları təqdim edirik: