İtaliyanın ixracı bu ilin ilk doqquz ayında 5,5%, ötən il isə 3,3% artıb. Bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani bildirib.
O qeyd edib ki, İtaliya Azərbaycana yüksək keyfiyyətli və müxtəlif çeşiddə məhsullar təklif etməyə hazırdır. Onun sözlərinə görə, ölkənin ixrac göstəricilərindəki artım məhsulların keyfiyyətini və müxtəlif bazarlara çıxış imkanlarını nümayiş etdirir.
Tajani bildirib ki, İtaliya gələn ilin sonunadək ixrac həcmini 700 milyard avroya çatdırmağı hədəfləyir.
Nazir, həmçinin Azərbaycanla iqtisadi və sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistanla sülhə nail olmaq istiqamətində Azərbaycanın seçimini yüksək qiymətləndirdiklərini və bunu regionun sabitliyi baxımından mühüm addım hesab etdiklərini bildirib.