Ermənistanın yeni Konstitusiya layihəsinin ictimai müzakirələri 2027-ci ilin yazına qədər davam edəcək.
Bunu hakim “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Arusyak Manavazyan brifinq zamanı bildirib.
Onun sözlərinə görə, qarşıdakı bir neçə ay ərzində layihə müzakirə, rəy və təkliflərin toplanması üçün ictimaiyyətə təqdim olunacaq.
“Qarşıdakı bir neçə ay ərzində layihə müzakirələr, rəylər və təkliflər üçün açıq olacaq. Saytda təkliflər vermək imkanı yaradılıb. Bütün vətəndaşlar bundan sərbəst istifadə edə bilərlər. Bu proses bir neçə ay, yəni yaza qədər davam edəcək”, – deyə Manavazyan bildirib.
Hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Alxas Kazaryan isə qeyd edib ki, hakimiyyət bu məsələdə tələsmək niyyətində deyil. İctimai müzakirələr başa çatdıqdan sonra layihə parlamentə təqdim olunacaq.
Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın 23-də dərc olunub.
Sənədin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. Həmin Bəyannamədə “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi” məsələsindən bəhs edilir, həmçinin erməni soyqırımının tanınması ilə bağlı müddəa mövcuddur. Sənəddə Ermənistan Respublikasının 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda ermənilərin soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəklədiyi bildirilir.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan onun istefasını tələb edən müxalifət qüvvələrinə “sadə sövdələşmə” təklif etmişdi. Onun sözlərinə görə, bunun üçün müxalifətin yeni Konstitusiya layihəsi üzrə referendumun keçirilməsinə razılıq verməsi kifayətdir.
Paşinyan əks halda növbədənkənar seçkilər “buldozeri”ni işə salacağı ilə hədələyib. Baş nazirin iddiasına görə, bu seçkilərin nəticəsində hazırkı iki müxalifət qüvvəsindən heç biri parlamentə düşə bilməyəcək.
Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürür.
Konstitusiya dəyişikliklərinin və ya referendumun təşəbbüs edilməsi üçün hakim qüvvənin parlamentdə deputatların üçdə ikisinin dəstəyini qazanması tələb olunur. 2026-cı il iyunun 7-də keçirilən seçkilərdə 49,81 faiz səs toplayan hakim “Vətəndaş müqaviləsi” konstitusion çoxluq əldə edə bilməyib. Ona daha 6 müxalif deputatın səsi lazımdır.