Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlıq istiqamətləri çoxşaxəlidir

Azərbaycan ilə Vyetnam arasında iqtisadi münasibətlərin inkişafı hər iki dövlətin uzunmüddətli strateji maraqlarına cavab verən mühüm istiqamətlərdən biridir. Müasir dövrdə beynəlxalq iqtisadi münasibətlərin şaxələndirilməsi dövlətlərin dayanıqlı inkişafı və qlobal bazarlarda rəqabət qabiliyyətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan-Vyetnam əməkdaşlığı geniş potensiala malikdir.

Ölkə başçısı cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində qeyd olunan məlumatlara əsasən, 2025-ci ilin yekunlarında iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bununla belə, mövcud göstərici tərəflərin malik olduğu iqtisadi imkanları tam əks etdirmir. Deməli, qarşılıqlı ticarətin artırılması üçün həm dövlət qurumlarının, həm də özəl sektorun fəaliyyətinin daha da əlaqələndirilməsinə ehtiyac vardır. İqtisadi əməkdaşlığın genişləndirilməsi ilk növbədə qarşılıqlı investisiya imkanlarının reallaşdırılmasını tələb edir. Azərbaycan əlverişli coğrafi mövqeyi, enerji resursları, inkişaf edən infrastrukturu və investisiya mühiti ilə Vyetnam biznesi üçün cəlbedici tərəfdaşdır.

Eyni zamanda, Vyetnamın dinamik inkişaf edən iqtisadiyyatı Azərbaycan şirkətləri üçün Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanları yarada bilər. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri zamanı iqtisadi əməkdaşlığın geniş spektri müzakirə edilmişdir. Energetika, investisiyalar, müdafiə sənayesi və kibertəhlükəsizlik sahələrini əhatə edən danışıqlar tərəfdaşlığın çoxşaxəli xarakterini nümayiş etdirir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə bu istiqamətlər üzrə əməkdaşlığın siyasi əsaslarını möhkəmləndirir. Vyetnamın ROX Group şirkətinin Azərbaycan iqtisadiyyatında iştiraka maraq göstərməsi investisiya əlaqələrinin inkişafı baxımından diqqətəlayiq nümunədir. Şirkətin tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələrinə marağı ölkəmizin iqtisadi prioritetləri ilə uzlaşır. 2026-cı ilin sentyabrında Bakıda keçirilmiş İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müvafiq sənədlərin imzalanması bu marağın praktik əməkdaşlığa çevrilməsi baxımından mühüm addımdır. Gələcəkdə sənaye, kənd təsərrüfatı, alternativ enerji və xidmət sektorlarında yeni birgə layihələrin həyata keçirilməsi mümkündür.

Belə təşəbbüslər yalnız ticarət dövriyyəsinin artmasına deyil, həm də texnologiya və təcrübə mübadiləsinə şərait yarada bilər. Azərbaycan üçün əsas hədəflərdən biri qeyri-neft sektorunun inkişafını sürətləndirmək, ixrac imkanlarını genişləndirmək və xarici investisiyaların iqtisadiyyatın müxtəlif sahələrinə cəlb edilməsidir. Vyetnamla iqtisadi əlaqələrin dərinləşdirilməsi bu məqsədlərin reallaşdırılmasına əlavə töhfə verə bilər. Nəticə etibarilə, iki ölkə arasında iqtisadi tərəfdaşlığın gələcəyi mövcud potensialın konkret layihələrə çevrilməsindən, qarşılıqlı investisiyaların artırılmasından və uzunmüddətli iqtisadi maraqların uzlaşdırılmasından asılıdır.

Samir Nağıyev

Neftçala rayonu