Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya üç günlük rəsmi səfər edəcək.
Bu barədə “Dawn” Pakistan Baş nazirinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, səfərin məqsədi Pakistan-Rusiya ikitərəfli əlaqələrini gücləndirmək, eləcə də enerji və investisiya sahəsində müqavilələr bağlamaqdır.
Rusiyaya səfəri zamanı Şərif Rusiya prezidenti Vladimir Putinlə enerji və müdafiə sektorlarında, ticarət, regional təhlükəsizlik və investisiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.
Nəşrin mənbəyinə görə, danışıqların Karaçidəki Pakistan “Steel Mills” zavodunun modernləşdirilməsi, eləcə də Pakistanın neft və qaz sektoruna potensial Rusiya investisiyaları ilə bağlı məsələlərə yönələcəyi gözlənilir. Tərəflər, ehtimal ki, Moskvanın bu zavodun bərpasında potensial iştirakını nəzərdən keçirəcək və Pakistanın sənaye inkişafını dəstəkləməyə yönəlmiş daha geniş təşəbbüsləri müzakirə edəcəklər.