Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsini tənqid edib. O bildirib ki, Ermənistanın yeni Konstitusiya layihəsində sülhün təmin edilməsi ölkənin xarici siyasətinin məqsədi kimi göstərilib.
Paşinyan bu barədə xalqa müraciətində danışıb.
“Dördüncü Respublika Üçüncü Respublikadan münaqişənin olmaması ilə fərqlənir. Ermənistanın Üçüncü Respublikası münaqişə üçün yaradılıb. Bunu həm 1990-cı illərdə Ermənistan rəhbərlərinin bəyanat və məqalələrində, həm də 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinin mətnində görmək olar”, – Paşinyan deyib.
“2018-ci il dinc xalq inqilabı nəticəsində hakimiyyət xalqa qaytarılıb. Yeni Konstitusiyanın qəbulu ilə dövlət və sülh də xalqa qaytarılmalıdır. Layihədə Ermənistan Respublikasının xarici siyasətinin məqsədinin sülhü təmin etmək olduğu təsbit edilir. Bu, tarixi əhəmiyyət daşıyır”, – o vurğulayıb.