ABİF-in idarəçiliyində 1 milyard dollara yaxın aktiv var- Ülvi Mansurov

Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) İtaliya şirkətlərinin Azərbaycanda investisiya layihələrini həyata keçirməsini dəstəkləməyə hazırdır. Bunu Fondun İdarə Heyətinin sədri Ülvi Mansurov bildirib.

Onun sözlərinə görə, Fondun idarəçiliyində təxminən 1 milyard ABŞ dolları həcmində aktiv var.

Mansurov qeyd edib ki, Fond sahibkarlara kapital investisiyaları, güzəştli kreditlər, dövlət zəmanətləri və faiz subsidiyaları təqdim edir.

O bildirib ki, kapital investisiyaları mexanizmi çərçivəsində Fond layihələrin nizamnamə kapitalının 30 faizədək hissəsinə investisiya yatıraraq minoritar səhmdar qismində iştirak edir.

Sədrin sözlərinə görə, güzəştli kreditlərin məbləği 30 milyon manatadək, müddəti 10 ilədək, illik faiz dərəcəsi isə 5-8 faiz arasında dəyişir.

“Bundan başqa, müvafiq meyarlara cavab verən layihələr üzrə kredit məbləğinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir, kredit faizinin yarısı isə 3 ilədək müddətə subsidiya şəklində ödənilir”,- o vurğulayıb