Rusiya sərhədin bağlanmasına görə Estoniyaya etiraz etdi

Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Marek Yuxtegi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Diplomata Moskvaya qarşı düşmənçilik hərəkətlərinin qəbuledilməz olduğu bildirilib.

Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Tallin yaxınlığında hərbi sənaye kompleksi müəssisəsini yandırmağa cəhddə əli olması ilə bağlı əsassız ittihamlar və Estoniya hökumətinin dekabrın 1-dən Rusiya-Estoniya sərhədindəki keçid məntəqələrini bağlamaq qərarı ilə əlaqədar diplomata qəti etiraz bildirilib.

Rusiya XİN Estoniyanın Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın şimal-qərb bölgələrinə hücumlar həyata keçirmək məqsədilə öz hava məkanından istifadəsinə gizli şəkildə şərait yaratdığını da iddia edib.

Nazirliyin bəyanatında bu cür təxribatçı və son dərəcə təhlükəli addımların Rusiya ilə açıq müharibəyə səbəb ola biləcəyi vurğulanıb.

Bundan əlavə, Rusiya XİN Tallini Baltik dənizində Rusiya yük gəmilərinin hərəkətinə mane olmaqda, Rusiya və Belarus taxılının Estoniya ərazisindən tranzitini qadağan etməkdə ittiham edib.

Rusiya tərəfinin iddiasına görə, Estoniya hakimiyyəti “rus məsələsini” həll etmək üçün rus dilinin bütün səviyyələrdə istifadəsini qadağan etməklə yanaşı, Rusiyaya rəğbət bəsləyən və ana dilini, mədəniyyətini qorumağa çalışan şəxsləri cinayət təqibinə məruz qoyur və deportasiya edir.

Rusiya XİN həmçinin Estoniya hakimiyyətinin Estoniya Pravoslav Xristian Kilsəsini ləğv etmək hədəsinə və məcburetmə vasitələrinə əl atdığını iddia edib.