İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır.
Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır.
Anar Axundovun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dollarına yaxın olub. Bu ilin ilk doqquz ayında isə ölkələr arasında ticarətin həcmi 9 milyard ABŞ dollarını ötüb.
Nazir müavini qeyd edib ki, qeyri-neft ticarətinin genişləndirilməsi Azərbaycan sahibkarlarına Avropa bazarına çıxmaq, sənaye müəssisələrinə isə istehsalı müasirləşdirmək imkanı yaradır.
O vurğulayıb ki, hazırda Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir.
Anar Axundov, həmçinin Azərbaycanın İtaliya iqtisadiyyatına uzunmüddətli investisiyalar yatırdığını diqqətə çatdırıb. O, bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun və SOCAR-ın mühüm uğurlara imza atdığını bildirib.