Bakının nəqliyyat problemlərinin həlli yalnız yeni yolların və körpülərin inşası ilə məhdudlaşmamalıdır. Şəhərin nəqliyyat sistemi mümkün fövqəladə vəziyyətlərə, əsas magistralların və körpülərin bağlanmasına, sərnişin axınlarının dəyişməsinə də hazır olmalıdır.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakı şəhərinin nəqliyyat dayanıqlılığının artırılması ilə bağlı fikirlərini bölüşüb.
Ekspert hesab edir ki, şəhərin nəqliyyat imkanları qiymətləndirilərkən əsas diqqət avtomobillərin sayına deyil, mövcud infrastrukturun saat ərzində nə qədər sərnişin daşıya bilməsinə yönəldilməlidir. Onun sözlərinə görə, hər hansı körpünün və ya magistralın fəaliyyətini dayandırdığı halda alternativ marşrutların nə dərəcədə operativ işə salınması da əvvəlcədən müəyyənləşdirilməlidir.
Rauf Ağamirzəyev xüsusilə körpülərdə və əsas magistrallarda ictimai nəqliyyata üstünlük verilməsinin vacibliyini vurğulayıb:
"Belə ərazilərdə avtobusların hərəkəti üçün ayrıca imkanlar yaradılmalı, fövqəladə vəziyyətlərdə daha çox insanın daşınmasını təmin edən nəqliyyat vasitələrinin hərəkəti prioritet olmalıdır. Bu yanaşma Bakı-Sumqayıt istiqamətində, paytaxtın şimal və cənub girişlərində, eləcə də əsas nəqliyyat qovşaqlarında əhəmiyyət daşıyır.
Bakıxanov-Koroğlu istiqaməti, Zığ şosesi, Nobel prospekti və mərkəzi körpülər üzrə alternativ hərəkət sxemləri əvvəlcədən hazırlanmalıdır. Hər hansı yolun bağlanması zamanı avtobus marşrutlarının dəyişdirilməsi, əlavə nəqliyyat vasitələrinin cəlb olunması və sərnişinlərin yeni istiqamətlər barədə məlumatlandırılması üçün konkret mexanizmlər olmalıdır.
Paytaxtda tıxacların azaldılması üçün iş və təhsil qrafiklərinin də optimallaşdırılması vacibdir. Dövlət qurumları, universitetlər, məktəblər və iri işəgötürənlərdə fərqli başlama saatlarının tətbiqi insanların eyni vaxtda yola çıxmasının qarşısını ala bilər".
Nəqliyyat dayanıqlılığında dəmir yolunun imkanları da xüsusi yer tutur. Ekspert Bakı-Sumqayıt xətti və Abşeron dairəsi üzrə şəhərətrafı dəmir yolunun alternativ sərnişindaşıma vasitəsi kimi rolunun artırılmasını vacib sayır:
"Bu istiqamətdə ADY, Bakı Metropoliteni və avtobus şəbəkəsi arasında koordinasiyanın gücləndirilməsi, ehtiyac yarandıqda əlavə qatarların təşkili və sərnişin axınlarının yenidən bölüşdürülməsi təklif olunur.
Rəqəmsal idarəetmənin də əhəmiyyəti olduqca vacibdir. Avtobusların GPS vasitəsilə izlənilməsi, avtobus zolaqlarına nəzarət, yol hərəkətinin real vaxt rejimində monitorinqi və sərnişinlərin dəyişikliklər barədə operativ məlumatlandırılması vahid sistem çərçivəsində həyata keçirilməlidir.
Digər təklif isə iş yerlərinin və xidmət mərkəzlərinin şəhər ərazisində daha balanslı yerləşdirilməsidir. Ələt, Qaradağ, Bakıxanov və Sabunçu kimi ərazilərdə yeni iqtisadi fəaliyyət mərkəzlərinin yaradılması uzunmüddətli perspektivdə şəhərin bir hissəsindən digərinə gündəlik səfərlərin azalmasına kömək edə bilər".
Rauf Ağamirzəyev nəqliyyat sisteminin fövqəladə hallara hazırlığı üçün aidiyyəti qurumların iştirakı ilə vahid böhran idarəetmə mexanizminin yaradılmasını da təklif edir:
"AYNA, ADY, Bakı Metropoliteni, DİN, FHN və digər qurumların iştirakı ilə əsas körpülərin və magistralların bağlanması, metro xətlərində hərəkətin məhdudlaşması kimi ssenarilər üzrə praktiki təlimlərin keçirilməsi məqsədəuyğun hesab olunur.
Körpülərin fəaliyyəti yalnız saat ərzində keçən avtomobillərin sayı ilə qiymətləndirilməməlidir. Sərnişindaşıma qabiliyyəti, ictimai nəqliyyatın payı, alternativ yolların əlavə yükü qəbul etmək imkanı və hərəkətin bərpasına sərf olunan vaxt da nəzərə alınmalıdır.
Bu baxımdan, Bakı üçün Nəqliyyat Dayanıqlılığı və Fövqəladə Hallara Hazırlıq Planının hazırlanması təklif edilir. Belə bir sənəd yeni infrastruktur layihələri ilə yanaşı, mövcud yolların imkanlarından səmərəli istifadəni, alternativ marşrutları və nəqliyyat qurumları arasında operativ koordinasiyanı əhatə etməlidir".
Ekspertin yanaşmasına görə, şəhərin nəqliyyat dayanıqlılığı yalnız adi günlərdə avtomobillərin nə qədər rahat hərəkət etməsi ilə deyil, gözlənilməz vəziyyətlərdə insanların təhlükəsiz və vaxtında mənzil başına çatdırılmasının təmin olunması ilə ölçülməlidir.