“Libraff” kitab mağazaları şəbəkəsinin nizamnamə kapitalı 2.3 dəfə artırılıb

Azərbaycanın kitab satışı üzrə ixtisaslaşmış “Libraff” MMC-nin nizamnamə kapitalı 256 min manat və ya 127.9% artırılaraq 456.2 min manata çatdırılıb.

Şirkətin kapitalı əvvəlki 200.2 min manatdan 456.2 min manata yüksəlib.

“Libraff”ın nizamnamə kapitalında son illər əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2023-cü ilin əvvəlində cəmi 50.5 manat olan kapital əvvəlcə 150.5 manata, həmin ilin sentyabrında isə 200.2 min manata çatdırılıb.

2026-cı ildə həyata keçirilən növbəti artımdan sonra şirkətin kapitalı 2023-cü ilin əvvəli ilə müqayisədə 456.1 min manat və ya təxminən 9 033 dəfə yüksəlib.

2017-ci ildə təsis edilmiş “Libraff”ın direktoru Nicat İbrahimov Rüstəm oğludur. O, eyni zamanda “TEAS Press” nəşriyyat evinə rəhbərlik edir.

“Libraff” Azərbaycanda kitabların pərakəndə və topdansatışı ilə məşğuldur. Şirkətin rəsmi məlumatına əsasən, mağazalar şəbəkəsinin Bakıda altı, Sumqayıt və Gəncədə isə hərəsində bir filialı fəaliyyət göstərir.

Şirkətin mağazalarında yerli və xarici ədəbiyyatla yanaşı, məktəb və ofis ləvazimatları, oyuncaqlar, elektronika məhsulları və hədiyyəlik əşyalar satılır.