U-20 millimizin üzvləri üçün antidopinq qaydaları və təmiz idman prinsiplərinə həsr olunan maarifləndirici seminar keçirilib.
Təlim Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) həyata keçirdiyi “Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” (Training of Trainers - ToT) proqramını uğurla tamamlayan AFFA-nın təlimçisi Fikrət Nəbiyev tərəfindən təşkil olunub.
Seminarın əsas məqsədi gənc futbolçuların antidopinq qaydaları, idmançıların hüquq və öhdəlikləri, eləcə də təmiz idman prinsipləri barədə məlumatlılığını artırmaq olub.
Tədbirdə AMADA nümayəndələri də iştirak ediblər. Onlar dəstəkləyici monitorinq çərçivəsində təlimin təşkili və keçirilməsi prosesini izləyib, təlimçiyə metodiki dəstək göstəriblər. Eyni zamanda, Fikrət Nəbiyevin praktiki fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilib.
Regionda ilk dəfə təşkil olunan ToT proqramını uğurla başa vuran təlimçilərin maarifləndirici fəaliyyətlərinin mütəmadi monitorinqi nəzərdə tutulur.
Bu yanaşma təlimçilərin peşəkar inkişafına, antidopinq təhsilində vahid metodoloji prinsiplərin tətbiqinə və maarifləndirmə tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.