Gəncədə azarkeşlər "Kəpəz" - "Qarabağ" matçı öncəsi stadiona axışır, rekord yenilənəcək

Gəncə şəhər stadionunda bu gün keçiriləcək "Kəpəz" - "Qarabağ" matçını izləmək üçün azarkeşlər arenaya axın edirlər.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, havanın yağışlı olmasına baxmayaraq, qarşılaşmaya maraq olduqca böyükdür.

Tərəfdarlar mərhələli şəkildə stadiona daxil olaraq tribunadakı yerlərini tuturlar.

Misli Premyer Liqasının XII turu çərçivəsində baş tutacaq görüşdə cari mövsümün azarkeş rekordu yenilənəcək. Belə ki, qarşılaşmaya böyük maraq səbəbindən bütün biletlər satılıb.

Qeyd edək ki, 15 363 tamaşaçı tutumuna malik stadionda bugünkü matçı maksimum sayda azarkeşin izləyəcəyi gözlənilir. Hazırda nə onlayn satış platformasında, nə də fiziki kassalarda bilet qalıb. Bununla əlaqədar stadionun kassaları son iki gündür fəaliyyət göstərmir.

Azarkeşlərin stadiona daxil olması üçün qapılar avrokubok matçlarında olduğu kimi, qarşılaşmanın başlamasına iki saat qalmış açılıb.

Cari mövsümdə "Kəpəz"in ev oyunlarında ən yüksək azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə qeydə alınıb. Qarşılaşmanı Gəncə şəhər stadionundan 15 min tamaşaçı izləyib. Bu gün keçiriləcək matçda isə həmin göstəricinin üstələnəcəyi gözlənilir. "Kəpəz" - "Qarabağ" oyunu saat 17:00-da başlayacaq.