Türkiyə Qızıl Aypara Cəmiyyətindən Qəzzaya 25 min nəfərlik ərzaq yardımı

Türkiyə Qızıl Aypara Cəmiyyəti təxminən 25 min nəfərlik ərzaq yardımını Qəzzadakı ehtiyac sahiblərinə çatdırıb

Türkiyə Qızıl Aypara Cəmiyyətdən verilən məlumata görə, Qəzzada davam edən humanitar böhranın təsirlərini azaltmaq məqsədilə fəaliyyətlər fasiləsiz şəkildə davam etdirilir. Yardım paylama işləri çərçivəsində təxminən 25 min nəfərlik ərzaq yardımı bölgədəki ehtiyac sahiblərinə təhvil verilib.

Bu çərçivədə bölgədə yenidən fəaliyyətə başlayan Qəzza ofisi vasitəsilə ehtiyacların müəyyənləşdirilməsini və bərpa işlərini daha səmərəli şəkildə həyata keçirən Türkiyə Qızıl Aypara Cəmiyyəti ianəçilərin dəstəyi ilə tədarük edilən 5 min 300 ədəd ərzaq bağlamasını Qəzzanın müxtəlif yerlərində ehtiyac sahiblərinə çatdırıb.

Qəzzada təmiz suya çıxış və gigiyena şəraitinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirən qurum hər gün 150 ton içməli su paylamaqla ən azı 15 min nəfərin təmiz su tələbatını ödəyir. Eyni zamanda, Cəmiyyət ictimai mətbəxlər (aşevi) vasitəsilə gündə 30 min nəfərin isti yemək ehtiyacını qarşılayır.

Türkiyə Qızıl Aypara Cəmiyyəti bölgəyə edilən hücumlar nəticəsində müxtəlif bədən üzvlərini (əllərini və ya ayaqlarını) itirən şəxslər üçün "Protez-Ortez" dəstək layihəsinə başlayıb. Qəzzadakı xəstəxana və reabilitasiya mərkəzləri ilə əlaqəli şəkildə icra olunan layihə çərçivəsində benefisiarlar zəruri ölçmə və qiymətləndirmələrdən sonra onlar üçün xüsusi hazırlanan protez dəstəyi ilə təmin olunurlar.

Cəmiyyət həmçinin müharibədən zərər çəkmiş qəzzalı uşaqlar üçün də "Qəzza-Şən Uşaqlar" layihəsini davam etdirir. Layihə çərçivəsində Qızıl Aypara heyəti uşaqlar üçün təşkil olunan oyun və tamaşalarla yanaşı, onlara müxtəlif şirniyyat və təamlar paylayır.