Azərbaycanın daha iki boksçusu Avropa çempionatının yarımfinalına yüksəldi

Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin daha iki üzvü yarımfinala yüksəlib.

1/4 final mərhələsinin ikinci günündə Bilalhəbaşi Nəzərov (50 kq) çexiyalı Filip Horvatı, Zidan Hünbətov (55 kq) isə serbiyalı Nikola Maksimoviçi eyni – 5:0 hesabla məğlub edib. B.Nəzərov yarımfinalda israilli David Zaxari, Z.Hünbətov isə fransalı Kristofer İppokratla qarşılaşacaq.

Beləliklə, daha əvvəl Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayevin (70 kq) də yarımfinala adlaması ilə özləri üçün azı bürünc medalı təmin edən Azərbaycan boksçularının sayı 4-ə çatıb.

Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, final görüşləri isə noyabrın 24-də keçiriləcək.