Polşa noyabrın 20-də hava məkanının pozulması ilə əlaqədar Rusiyaya rəsmi şəkildə etirazını bildirəcək.
Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Sikorskinin sözlərinə görə, Polşa ərazisinə düşən uçan obyektlərin Rusiyaya məxsus olduğu hələlik tam təsdiqlənməyib. Varşava bununla bağlı təkzibolunmaz sübutların əldə olunmasını gözləyir.
“Polşanın hava məkanı ilə NATO-nun hava məkanı eyni anlayışdır. Təbii ki, Rusiya tərəfinə kəskin narazılığımızı bildirəcəyik. Hazırda təkzibolunmaz faktların təsdiqini gözləyirik”, – deyə Sikorski söyləyib.
Nazir əlavə edib ki, məsələ Brüsseldə həm hərbi, həm də siyasi səviyyədə müzakirə olunacaq.
Diplomat Rusiyanın təxribat və diversiya xarakterli fəaliyyətlərinin yalnız Polşa ilə məhdudlaşmadığını da vurğulayıb. Onun sözlərinə görə, oxşar hadisələr Almaniya, Danimarka və Baltikyanı ölkələrdə də baş verir, Rusiya dronları isə vaxtaşırı Rumıniyanın hava məkanına daxil olur.
Sikorski bu hərəkətləri müharibə və dövlət terrorizmi kimi qiymətləndirib. O bildirib ki, belə fəaliyyətlər Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinə söylədikləri ilə tamamilə ziddiyyət təşkil edir.