“Badamdarda baş verən sürüşmə hələ də aktvidir. Ola bilsin ki, əhaliyə xəbərdarlıq edib, onları təxliyə ilə oradan köçürsünlər. Çünki insanların həyətlərini də sürüşmə bərbad vəziyyətə salıb. Bu zaman-zaman dövr edən bir prosesdir. Çünki Badamdar sürüşməyə meyilli olan ərazidir”
Bunu ekoloq Gülçöhrə Hüseynova Moderator.az-a açıqlamasında bildirib. O daha sonra əlavə edib:
“Davam edən intensiv yağışlar sürüşməni daha da aktivləşəcək. Çünki 2000-ci ildə də həmin ərazidə sürüşmə baş vermişdi, 2018-ci ildə də.. Tarix təkrarlanır. Zama-zaman insanların köçürülməsi, kommunikasiya xətlərinin ayrılması, təhlükəli tikililərin sökülməsi kimi addımlar atılıb, amma bu problem tamam aradan qalxmayıb. Mən həmişə bir ekoloq kimi deyirəm ki, sürüşməyə meyilli olan ərazilərdə mütləq bitkilər əkilməlidir. O bitkilərin kökləri saçaqlı olmalıdır ki, onlar torpağı kökləri ilə bərkitsin” deyə ekoloq bildirib.
Akademik Həsən Əliyeva adına Coğrafiya İnstitunun əməkdaşı, Biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev Moderator.az-a açıqlamasında bildirib ki, Azərbaycan sürüşməyə meyilli ərazidə yerləşir:
“Badamdarda sürüşmə hər zaman olub və olacaq da. Azərbaycan ərazisində sürüşmə zonaları çoxdur. Sürüşmə Masazırdan tutmuş Lerik rayonu da daxil olmaqla bir çox regionları əhatə edir. Digər bölgələrdə də qəfil sürüşmə halları baş verə bilər. İkinci tərəfdən də bu sürüşmələrlə bağlı çox ciddi elmi araşdırmalar aparılmalıdır. Yerin dərinlikləri öyrənilməlidir, evlərin, binaların yerində meşəliklər salınmalıdır. Hələ 1928-ci ildən neft çıxarılıb deyə torpağın özəyi dağıdılıb. Bu çox ciddi məsələdir. Qarşısını almaq üçün üsullar da çoxdur. Amma buna dövlət səviyyəsində bir çarə tapılmalıdır”deyə o bildirib.