Vurulan tankerlərə baxa-baxa Hörmüz boğazını üzüb keçdi

Britaniyalı ekstremal üzgüçü Lyuis Pyu ABŞ və İsrailin İrana qarşı müharibəsinin ekoloji nəticələrinə diqqət çəkmək məqsədilə üç gün ərzində Hörmüz boğazında təxminən 15 kilometr məsafə qət edib.

56 yaşlı idmançı Müsəndəm yarımadasından start götürərək Hörmüz burnunu dövrə vurmaqla marşrutu tamamlayıb. O, üzmə zamanı ticarət gəmilərinə hücumların və tankerlərdə baş verən yanğınların şahidi olub.

Pyu münaqişə başlayandan bəri bu ərazidə uzun məsafəli üzgüçülük edən ilk şəxs olduğunu bildirib. Onun sözlərinə görə, startdan qısa müddət sonra yaxınlıqda neft tankerinə hücum edilib və partlayışlar suyu silkələyib.

İdmançı müharibənin dəniz ekosisteminə təsirlərinin onilliklərlə davam edə biləcəyi barədə xəbərdarlıq edib. O, müharibənin dayandırılmasına, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə və dəniz mühitinin çirklənməsinin aradan qaldırılmasına çağırıb.