Rusiyanın cəbhədəki gündəlik itkiləri 2-ci Dünya müharibəsinin göstəricilərinə yaxınlaşır

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Rusiyanın Ukraynada gündəlik itkilərinin İkinci Dünya müharibəsi dövründəki göstəricilərə yaxınlaşdığını bildirib.

UNIAN-a istinadən, diplomat bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Rusiya ordusu hər ay 20-25 min yeni hərbçi cəlb etdiyi halda, eyni müddətdə 30-35 min hərbçi itirir.

Uolts bildirib ki, bu itkilərin miqyası Rusiyanın Əfqanıstan müharibəsində verdiyi itkiləri dəfələrlə üstələyir.

“Bu, Əfqanıstanda itirdiklərindən həndəsi silsilə ilə daha çoxdur və İkinci Dünya müharibəsində gündəlik verdikləri itkilərə – min nəfərə yaxınlaşır. Bu, sadəcə olaraq, qəbuledilməzdir”, – deyə o bildirib.

Amerikalı diplomat hər iki ölkənin uzunmüddətli hərbi əməliyyatlar nəticəsində tükəndiyini və müharibənin davam etdirilməsinin perspektivsiz olduğunu düşünür.

“Bu müharibəni hərbi yolla udmaq mümkün deyil. O, diplomatik yolla başa çatmalıdır”, – deyə Uolts vurğulayıb.