Nigeriyada sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfər həlak olub

Nigeriyanın cənubunda yerləşən Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfər həyatını itirib.

Gəmi Niger Deltasında kanallardan birinin yaxınlığında aşıb və batıb.

Məlumata görə, gəmi bir neçə gün əvvəl bölgədə baş vermiş oxşar qəzada həlak olanların dəfn mərasiminə sərnişinlər aparırmış.

İlkin məlumatlara əsasən, gəmidə təxminən 300 nəfər olub. Onlardan 24-ü xilas edilib. 50-dən çox meyit sudan çıxarılaraq morqlara yerləşdirilib. Digər sərnişinlərin taleyi isə hələlik məlum deyil.

Mütəxəssislər faciənin gəminin normadan artıq yüklənməsi nəticəsində baş vermiş ola biləcəyini ehtimal edirlər.